QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ VATİKAN DÖVLƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Şeyxülislam qonaqları salamlayaraq demişdir ki, bu görüş Azərbaycanın müsəlman, xristian və yəhudi icmalarının təşəbbüsü ilə keçirilən və konfessiyalar arasında dialoqa həsr olunan dəyirmi masanın davamı hesab edilə bilər.
A.Paşazadə qonaqlara ölkədə dövlətlə dinin qarşılıqlı münasibətləri, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri sayəsində daha da möhkəmlənmiş tolerantlıq barədə məlumat vermişdir. O bildirmişdir ki, ölkəmiz yenidən müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda məscidlər, kilsələr və sinaqoqlar bərpa edilir və yeniləri tikilir. Hazırda katolik kilsəsinin inşası başa çatmaq üzrədir.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı xalqımızın ağrılı probleminə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalına da toxunaraq, bu münaqişənin dincliklə nizama salınması üçün dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi səylərdən danışmışdır.
A.Paşazadə Vatikana dəvətə görə Roma Papasına minnətdarlığını bildirmiş, müsəlmanlarla Roma Papası arasında qarşılıqlı anlaşma yaranmasında apostol nümayəndəsi Klaudio Qucerottinin xidmətlərini qeyd etmişdir.
Klaudio Qucerotti səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, o, Vatikanın nümayəndələrini tolerantlığın real həyatda nə demək olduğunu Azərbaycanın timsalında görməyə dəvət etmişdir. O vurğulamışdır ki, ölkəmizdə işlədiyi dövrdə ən çox Azərbaycan xalqının mənəvi zənginliyinə heyran qalmışdır. Qucerotti demişdir: “Bunu dünyaya göstərmək çox vacibdir, çünki dünya Azərbaycanın ancaq təbii sərvətlərindən xəbərdardır, lakin onun mənən nə dərəcədə zəngin olduğunu bilmir. Tolerantlığa gəldikdə, Azərbaycan dünya ölkələri üçün nümunə ola bilər”.
Apostol nümayəndəsi Roma Papasının Türkiyəyə qarşıdakı səfərindən söhbət açaraq qeyd etmişdir ki, o, burada müsəlman, pravoslav və katolik icmalarının nümayəndələri ilə görüşəcəkdir. Qucerotti əmin olduğunu söyləmişdir ki, səfər xristianlarla müsəlmanlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verəcəkdir.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.