“Qalib müəllim” videohekayə müsabiqəsinin vaxtı uzadılıb
Bakı, 19 may, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” videohekayə müsabiqəsinə müraciətlərin qəbul vaxtı mayın 25-dək uzadılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 25-dək [email protected] ünvanına göndərməlidir. Müsabiqəyə göndərilən video 2 dəqiqədən çox olmamalıdır. Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər. Hər iştirakçı bir videohekayə göndərə bilər. Videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda, qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi.
Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcək.