Qan nümunələrinin laboratoriyalara çatdırılması üçün 10 ədəd avtomobil ayrılacaq
Bakı, 11 fevral, AZƏRTAC
Qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 10 ədəd avtomobillə təmin ediləcək.
AZƏRTAC xəbər verir ki, bu məlumat Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqramda, həmçinin Respublika Perinatal Mərkəzində, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, regional perinatal mərkəzlərdə talassemiya daşıyıcısı olan hamilə qadınlardan döl materialının götürülməsi, Respublika Talassemiya Mərkəzində və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda döl materiallarının molekulyar-genetik müayinəsinin aparılması da nəzərdə tutulur. Tədbirlər planına talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması, o cümlədən talassemiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi də daxildir.
Dövlət Proqramında bildirilir ki, talassemiya valideynlərdən uşaqlara gen vasitəsilə keçən ağır irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 250 milyondan artıq talassemiya daşıyıcısı və təxminən 300 min talassemiyalı xəstə vardır. Azərbaycan da talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il respublikada 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında həmin xəstəliyə daha çox rast gəlinir.