Qan yaddaşımız - 20 Yanvar
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Qubadlı rayonunda da silsilə tədbirlər keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bu tədbirlərin davamı olaraq Qubadlı Rayon İcra Hakimiyyəti aparatının təşkilatçılığı ilə yanvarın 18-də B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra açıq elan edilən mərasimdə qeyd olunmuşdur ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, tariximizə qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri həm də xalqımızın tarixinin parlaq qəhrəmanlıq səhifələrindən biridir.
Əminliklə bildirilmişdir ki, azadlıq uğrunda axıdılan qanlar, verdiyimiz şəhidlər heç də əbəs yerə olmamışdır. Məhz onların həyatları bahasına Azərbaycan Respublikası özünün dövlət müstəqilliyinə qovuşmuşdur.
Vurğulanmışdır ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev demişdir ki, bu gün 20 Yanvar hadisələrini həm Ümumxalq Hüzn Günü kimi qeyd edirik, həm də iftixar hissi ilə xatırlayırıq. Çünki 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi onun müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini birləşdirmiş, onların mübarizliyini daha da artırmışdır. Həmin gecə xalqımız özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmişdir. Məhz belə əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatmış, milli azadlığına qovuşmuş, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil olmuşdur.
Hazırda Ulu Öndərin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində ölkəmiz dünya dövlətləri sırasında inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə hərbi vətənpərvərlik mövzusunda şerlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.