Qana Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etmək niyyətindədir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə işgüzar səfərdə olan Qana Respublikasının energetika naziri Hon Emmanuel Armah Kofi Buahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə hər iki ölkə arasında əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq şəraitində inkişaf etdirilməsi üçün imkanların mövcudluğu qeyd olunmuşdur.
Qananın iqtisadiyyatı barədə Baş nazir Artur Rasizadəyə məlumat verən qonaq bildirmişdir ki, ölkəsi mövcud və gələcək imkanlardan yararlanaraq son illər yüksək inkişafa nail olmuş Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq etmək niyyətindədir.
Baş nazir Artur Rasizadə iqtisadi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayaraq demişdir ki, Azərbaycan əlverişli perspektivi olan əməkdaşlığın dərinləşdirilməsinə yönələn layihələri hər zaman dəstəkləməyə hazırdır. O cümlədən Qana tərəfinin də əməkdaşlıq barədə təklifləri diqqətlə öyrənilərək nəzərə alınacaqdır.
Hon Emmanuel Armah Kofi Buah Bakıda onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.