Qana ölkə tarixində ilk dəfə olaraq Marburg virus xəstəliyinin yayıldığını elan edib
Bakı, 19 iyul, AZƏRTAC
Qanada Marburg virusuna ilk yoluxma halı təsdiqlənib. Bundan əvvəl bildirildiyi kimi, ölən iki xəstənin analizləri araşdırma üçün Dakardakı (Seneqal) Paster İnstitutuna göndərilib və hallardan birində xəstəlik təsdiqlənib.
Xəstələrin arasında heç bir əlaqə olmayıb, lakin eyni simptomlarla eyni xəstəxanada olublar: yüksək hərarət, ishal, ürəkbulanma və qusma. Onlardan biri, 26 yaşlı qanalı iyunun 26-da qəbul edilib və ertəsi gün ölüb. AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, ikincisi iyunun 28-də xəstəxanaya yerləşdirilib və həmin gün dünyasını dəyişib.
ÜST epidemioloji tədbirləri genişləndirməyə kömək edərək, o cümlədən kontaktların izlənməsi, testləşdirmə və əhalinin maarifləndirilməsi, Qanaya dəstək göstərir.
Yaxın günlərdə ÜST ekspertləri ölümcül infeksiyanın yayılmasının qarşısını almaq üçün səyləri əlaqələndirmək məqsədilə Qanaya gedəcəklər. "Səlahiyyətlilər operativ hərəkət edərək xəstəliyin mümkün yayılmasına hazırlıq işlərinə start veriblər", - deyə ÜST-nin regional direktoru Matşidiso Moeti bildirib. "Bu çox vacibdir, çünki Marburg çox asanlıqla nəzarətdən çıxa bilər".
Tibb işçiləri də daxil olmaqla 90-a yaxın insan xəstələrlə təmasda olub, hazırda onların hamısı mütəxəssislərin nəzarətindədir.
Marburg virusu ilə yoluxma ölüm nisbəti 88 faizə qədər ola bilən bir xəstəliyə səbəb olur, lakin düzgün tibbi yardım göstərildiyi təqdirdə əhəmiyyətli dərəcədə az ola bilər. İlk dəfə olaraq Marburg virusunun yaratdığı xəstəlik 1967-ci ildə Marburg və Frankfurt (Almaniya), Belqrad (Serbiya) şəhərlərində xəstəliyin sinxron yayılması nəticəsində aşkar edilib.
Marburg virusu, Ebola virusu kimi, filoviruslar ailəsinə (Filoviridae) aiddir. Bu iki xəstəlik müxtəlif viruslar tərəfindən törədilsə də, oxşar klinik mənzərəyə malikdir. Hər iki xəstəlik nadir növə aiddir və yüksək ölüm nisbəti ilə yayılmalara səbəb ola bilər. Pteropodidae ailəsindən olan Rousettus aegypti, meyvə yeyən yarasalar Marburg virusunun təbii daşıyıcıları hesab olunur. Marburg virusu insanlara yarasalar vasitəsilə ötürülür, insanlar arasında insandan insana ötürülür.
Marburg virusu yoluxmuş şəxsin qanı, ifrazatları və ya digər bədən mayeləri ilə birbaşa fiziki təmas nəticəsində (dəri və ya selikli qişaların zədələnməsi yolu ilə), eləcə də bədən mayeləri ilə çirklənmiş səthlər və materiallar (məsələn, yataq dəsti, geyim) ilə ötürülür).
Hazırda Marburg xəstəliyinin müalicəsi üçün qeydiyyatdan keçmiş vaksinlər və ya antivirus preparatlar yoxdur, hərçənd ki, belə tədqiqatlar aparılır. Sağ qalma nisbətlərini yüksəltmək üçün xəstələrə dəstəkləyici terapiya (oral və ya venadaxili rehidrasiya) və simptomatik müalicə göstərilir.