SİYASƏT
QANUNSUZ DİNİ İCMANIN FƏALİYYƏTİ DAYANDIRILMIŞDIR
Gəncə şəhər sakini Anna Antyuşinanın mənzilində qeyri-qanuni fəaliyyət göstərən dini icma aşkar edilərək fəaliyyəti dayandırılmışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Firdovsi Kərimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qeyri-qanuni xristian baptist ittifaqı reyd aparılarkən aşkar edilmişdir. Qazaxıstan Respublikasının Karaqanda şəhərində pasport qeydiyyatında olan Məhəmməd Musayev A. Antyuşina ilə birlikdə onun mənzilində dini ayinlər keçirir, moizələr oxuyurmuş. Mənzildə yoxlama aparılarkən çoxlu sayda dini ədəbiyyat da tapılmışdır. M.Musayevin nəzərinə çatdırılmışdır ki, dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən vətəndaşlığı olmayan əcnəbi şəxsin dini təbliğat aparması qadağandır.