SİYASƏT
QANUNSUZ SİLAH DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ APARILIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, MDB ekspertlər qrupunun iyunun 10-11-də Minskdə keçirilmiş iclasında odlu silah, döyüş sursatı, partlayıcı maddə və partladıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsinə qarşı mübarizədə Birlik dövlətlərinin əməkdaşlığı haqqında Sazişin layihəsi təkmilləşdirilmiş və razılaşdırılmışdır.
Sazişin hazırlanması cinayətkarlıqla mübarizədə dövlətlərarası tədbirlər proqramı ilə nəzərdə tutulmuşdur. MDB ölkələri qanunsuz silah hazırlanması və dövriyyəsi ilə bağlı cinayətlərin qarşısının alınması və üstünün açılması, yaranmış vəziyyətin təhlili, razılaşdırılmış strategiyanın və birgə mübarizə tədbirlərinin hazırlanması, səlahiyyətli orqanların qarşılıqlı fəaliyyət mexanizmlərinin əlaqələndirilməsi və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədirlər.
Qanunsuz silah dövriyyəsinə aidiyyəti olan transmilli cinayətkar qruplar, onların liderləri və iştirakçıları haqqında birgə məlumat bankı yaratmaq da planlaşdırılır. Həmin bankdan MDB-nin üzvü olan hər bir dövlətin hüquq mühafizə orqanları istifadə edə bilərlər.
Saziş layihəsinin MDB Hökumət Başçıları Şurasının növbəti iclasında müzakirəyə çıxarmaq qərara alınmışdır.