İQTİSADİYYAT
Qanunsuz və qeyri-dəqiq reklamların yayımı dayandırılmışdır
Bakı, 14 noyabr (AZƏRTAC). Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Gülcahan Musayevaya məxsus "Neyjen" uşaq geyimləri mağazasında yoxlama aparmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir. Belə ki, mağazanın giriş hissəsində "10-50 faiz endirim" məzmunlu reklamlar yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim edilmədiyi aşkarlanmışdır. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunmuşdur.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.