Qanvermə aksiyasında iştirak edənlər belə kampaniyaların davamlı keçirilməsinin vacibliyini vurğulamışlar
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı könüllü qanvermə aksiyası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiyanın iştirakçılarından olan institutun ümumi məsələlər üzrə direktor müavini Arif Qədirov Heydər Əliyev Fondunun başlatdığı bu humanist missiyaya qoşulan ARDNŞ-in artıq 2009-cu ildən etibarən “Savab Dünyası” Assosiasiyası ilə birlikdə talassemiyalı xəstələrə dəstək məqsədilə genişmiqyaslı qanvermə aksiyaları keçirdiyini demişdir.
Bildirilmişdir ki, aksiyanın məqsədi neftçilər arasında bu xəstəliyə diqqətin artırılması, onun qarşısının alınmasında iştirak etmək, talassemiyadan əziyyət çəkən uşaqlara köməklik göstərməkdir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2005-ci ildə “Talassemiyasız həyat naminə” adlı “dəyirmi masa”nın keçirilməsi bu sahəyə diqqətin daha da artırılmasının əhəmiyyətindən irəli gəlmişdir.
Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının səyyar qanköçürmə laboratoriyasının əməkdaşları tərəfindən keçirilən aksiyada 100-dən çox neftçi iştirak etmişdir.
Qanvermə aksiyasında iştirak edənlər belə kampaniyaların davamlı keçirilməsinin vacibliyini vurğulamışlar.