CƏMİYYƏT
Qarabağ müharibəsi qazisi: Oğlumu əsl vətənpərvər kimi böyüdürəm...
![](/files/galleryphoto/2022/3/1200x630/1665581171943747186_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655811712555110840_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Qarabağ müharibəsi qazisi Sahib Eyniyev Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin oktyabr ayında könüllü olaraq ordu sıralarına qoşulub. Düşmənin işğal planlarının qarşısını almaq üçün ayağa qalxan qəhrəman Vətən övladlarından olan Sahib Eyniyev Füzuli, Ağdərə və Ağdam rayonları istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib.
Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində gedən döyüşlərin birində başından güllə yarası alıb.
Müharibə əlili deyir ki, illər əvvəl olduğu kimi Vətənin müdafiəsinə indi də hazırdır.
Sahib Eyniyev 44 günlük Vətən müharibəsi başlayanda da döyüşlərə qatılmaq üçün könüllü olaraq müraciət edib.
“Vətənimi, dövlətimi çox sevirəm. Oğlum 9-cu sinifdə təhsil alır, onu da elə tərbiyə edirəm ki, əsl vətənpərvər kimi böyüsün”.
Şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısından Sahib Eyniyevə də pay düşüb. Onun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Biləsuvar rayonunda 3 otaqlı fərdi ev inşa edilərək, tam təmirli formada təhvil verilib.