Qarabağın əqli mülkiyyət hüququ barədə məqalə Avropada nəşr olunub
Bakı,17 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov və Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevanın həmmüəllifi olduqları “Qarabağ kontekstində əqli mülkiyyət hüquqlarının siyasiləşdirilməsi” (Politicization of Intellectual Property Rights in the context of Karabakh) adlı elmi məqalə Polşanın “Scopus” bazasında indekslənən “Strategic Review” jurnalında nəşr olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Polşanın Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Varşava Universiteti və Adam Mitskeviç Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbinin birgə elmi nəşrində dərc olunan məqalədə 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağ münaqişəsi kontekstində əqli mülkiyyət hüquqlarının siyasiləşdirildiyi araşdırılıb. Mövzuda əsasən Qarabağın işğalı zamanı əqli mülkiyyət hüquqlarının siyasiləşmiş aspektləri, onun düzgün tənzimlənməsi və həyata keçirilməsi ilə bağlı həm iqtisadi, həm də siyasi tendensiyalar təhlil edilir. Qarabağ münaqişəsi səbəbindən Azərbaycanın öz ərazisi üzərində nəzarətinin məhdudlaşdırılması ilə bağlı əqli mülkiyyət hüquqlarının pozulması, mal və xidmətlərin istismarı, eləcə də Qarabağın işğalı zamanı bu istiqamətdə Azərbaycanın qarşılaşdığı digər problemlərə hüquqi aydınlıq gətirilib.
Məqalə ilə linkdə tanış olmaq mümkündür.