Qaradağ rayonunda əhalinin tibbi müayinə aksiyası yüksək səviyyədə təşkil edilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Azərbaycanda gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Vətəndaşların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Bunun bariz nümunəsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqdır.
AZƏRTAC xəbər verir ki, ölkə başçısının tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı aksiya fevralın 18-də Bakının Qaradağ rayonunda da uğurla icra olunmuşdur. Rayonun 19 saylı birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində keçirilən müayinələr yüksək səviyyədə təşkil edilmişdir. Qaradağ rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak etmişlər. Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların tibbi müayinədən keçirilməsi üçün mühüm işlər görülmüşdür.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirmişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Dünəndən etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Rayon icra hakimiyyətində işin səmərəliliyini artırmaq və daha çox insanın müayinələrə cəlb olunması üçün kompleks tədbirlər görülmüşdür. Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən ərazi üzrə poliklinikalara müraciət edəcəklər. Qeyd edilmişdir ki, əhali arasında geniş təbliğat işləri aparılmışdır. Yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılmışdır. Uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bundan başqa, icra hakimiyyətində əhalini məlumatlandırmaq və yaranacaq problemləri yerində həll etmək məqsədi ilə “Qaynar xətt” də fəaliyyət göstərir.
Poliklinika şöbəsi müdirinin əvəzi Sevda Hacıyeva isə demişdir ki, əhalinin müayinə olunması üçün şöbə müasir avadanlıqla təchiz olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır. Poliklinika 28 min rayon sakininə xidmət edir.
Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.