Qaradağ rayonunda uşaqlar üçün bayram şənliyi keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Heydər Əliyev Fondunun dəstəyi və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sahil qəsəbəsindəki “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli internat məktəbinin və Lökbatan qəsəbəsindəki 6 nömrəli Uşaq Somatik Sanatoriyasının uşaqları, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqət göstərib, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri istiqamətində bir sıra tədbirlər həyata keçirib, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafı ilə bağlı həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Daha sonra tədbir bayram konserti ilə davam etdirilib. Cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, rayonda fəaliyyət göstərən 28 nömrəli musiqi məktəbinin, “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin və digər kollektivlərin çıxışları bayram ovqatını daha da artırıb.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.