Qaradağ rayonunda Vətən müharibəsi şəhidi Zəka Abışovun əziz xatirəsi anılıb
Bakı, 23 noyabr, AZƏRTAC
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Zəka Zakir oğlu Abışovun şəhadətə ucaldığı gündən iki il ötür.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Zəka Abışovun il mərasimi keçirilib. Şəhidin ildönümü mərasimində Qaradağ RİH-in başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Zəka Abışovun məzarı üzərinə gül dəstələri qoyulub. Şəhidlərin ruhlarına dualar oxunub.
Daha sonra şəhid ailəsinin üzvləri çıxış edərək Zəka Abışovla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.
Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.