Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 15-də Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
200-ə yaxın qəsəbə sakininin iştirak etdiyi səyyar görüşdə 19 nəfər fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinləri burada aparılan quruculuq işlərindən razılıqlarını bildirmiş, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək onları narahat edən problemlərdən danışmışlar.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
Elnur Qurbanov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, qəsəbə ərazisində yerləşən 7 çoxmərtəbəli yaşayış binasının ümumilikdə 5902 kvadratmetr dam örtüyü metal vərəqələrlə yenidən qurulmuş, 2 çoxmərtəbəli yaşayış binasının kanalizasiya xətlərində təmir və yenidənqurma işləri aparılmış, qəsəbənin Şonqar yaşayış massivində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 400 diametrli 1050 metr və 200 diametrli 540 metr uzunluğunda yeni kanalizasiya xəttinin çəkilişi başa çatmış, qəsəbənin mədəniyyət və istirahət parkında aparılan əsaslı təmir və yenidənqurma işləri tamamlanmaq üzrədir.
Daha sonra sakinlərə Azərbaycan Prezidentinin imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində məlumat verilmişdir.