Qaradağda uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılıb
Bakı, 23 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin fevralın 2-dən mayın 1-dək ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Bakının Qaradağ rayonunda da uğurla icra olunur.
Əhali arasında geniş təbliğat işləri aparılıb, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılıb, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılıb. Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunması və xəstəliklərin erkən aşkarlanmasıdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində artıq rayon üzrə 8394 sakin müayinədən keçib. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilib. Müayinələrə yüksək ixtisaslı həkimlər cəlb olunublar. Rayonunun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar tibbi müayinələrdə mütəşəkkil surətdə iştirak edirlər.
Müayinədən keçən rayon sakinləri onlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.