Qax Dövlət Kukla Teatrı uşaqlara əyləncəli bayram proqramı təqdim edir
Qax, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış əyləncəli tamaşa-kompozisiyanın nümayişinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi bayram proqramının rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Proqramın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə rəqs edib əylənirlər.
Daha sonra uşaqlar italyan yazıçısı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” əsəri əsasında Çingiz Ələsgərlinin qələmə aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri” əsərinin tamaşasına baxırlar.
Tamaşada Pinokkio obrazını Aynurə Abbasova, usta Çepetto obrazını isə Azər Kərimov ifa edirlər. Canlı aktyor, kukla oyunu və kölgə teatrının sintezi əsasında hazırlanan səhnə əsərində, həmçinin Araz Mehrablı, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.
Teatrda bayram şənlikləri yanvarın 5-dək (dekabrın 31-i və yanvarın 1-i istisna olmaqla) davam edəcək.