Qax rayonunun 14 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır
Qax, 5 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qax rayonunda da uğurla davam edir. Dövlətimizin başçısının bu nəcib təşəbbüsünü yüksək dəyərləndirən rayon sakinləri tibbi müayinələrdən yetərincə yararlanırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AZƏRTAC-a bildirmişdir ki, tibbi müayinələr əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. Aksiyada rayon üzrə 18 yaşdan yuxarı 39 minə yaxın sakinin iştirakı nəzərdə tutulur. Fevralın 17-dən indiyədək 23 min nəfərədək sakin, yəni nəzərdə tutulan əhalinin 58 faizi tibbi müayinədən keçmişdir. Rayonun 14 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadənin bildirdiyinə görə, tibbi müayinələrin keçirildiyi poliklinika şöbəsində, Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, həkim məntəqələrində hər cür şərait yaradılmışdır. Müayinələr zamanı ultrasəs, rentgen-flüoqrafiya, elektrokardioqrafiya və digər müasir tibb aparatlarından istifadə olunur. Baş həkim məlumat vermişdir ki, indiyədək müayinə olunan vətəndaşların 3555 nəfəri ambulator, 107 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 32 nəfər daha geniş müayinə və müalicə üçün paytaxtın tibbi müəssisələrinə göndərilmişdir.
Müayinədən keçən Qax şəhər sakinləri Yaşar Şirinov, Ahidə Əfəndiyeva, Turaclı kənd sakini Fatma Mehdiyeva və başqaları Prezident İlham Əliyevin insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah təşəbbüsünü yüksək qiymətləndirmiş və onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, rayonda tibbi müayinənin gedişi bir gün əvvəl əlaqədar müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayon icra hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında müzakirə edilmişdir. Aksiyanın mütəşəkkil qaydada və müvəffəqiyyətlə başa çatdırılması üçün müvafiq dövlət qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.