Qax rayonunun sakinləri tibbi müayinə üçün yaradılan imkandan yetərincə yararlanırlar
Qax, 15 mart (AZƏRTAC, Mustafa Dadaşov). Prezident İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Qax rayonunda da uğurla icra olunur. Rayon sakinləri insanların sağlamlığının qorunmasına yönələn humanitar aksiyada fəal iştirak edir, bu imkandan yetərincə yararlanmağa çalışırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AZƏRTAC-a bildirmişdir ki, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 39 mindən artıq sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Bu günədək 15 min 254 nəfər, yəni nəzərdə tutulan əhalinin 38 faizi tibbi müayinəyə cəlb olunmuşdur. Rayonun 59 yaşayış məntəqəsindən bir neçəsində müayinələr artıq başa çatmışdır. Eyni zamanda, idarə, müəssisə və təşkilatların kollektivləri də tibbi müayinələrdən keçmişlər. Müayinələr mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsində, həmçinin Əlibəyli və Tasmalı kənd sahə xəstəxanalarında, yaxşı şəraitə malik kənd həkim məntəqələrində aparılır.
Əhalinin daha çox üz tutduğu mərkəzi xəstəxananın poliklinika şöbəsinin müdiri Camaləddin Hacıyev bildirmişdir ki, müayinələr zamanı qan təzyiqi, ürək-damar, onurğa sütunu, sinir sistemi xəstəliklərinə daha çox təsadüf edilir. Xəstəlik aşkar olunan vətəndaşlar dispanser qeydiyyatına götürülür və onların müalicəsi ambulator və stasionar şəraitdə davam etdirilir. Şöbə müdirinin bildirdiyinə görə, bu günə qədər 1600-dək sakinə müalicə təyin olunmuş, 70 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Bundan əlavə, daha ciddi müayinəyə ehtiyacı olan 32 xəstə Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir.
Müayinələrin keçirildiyi Əlibəyli kənd sahə xəstəxanasının binası 2013-cü ilin sentyabrında istifadəyə verilmişdir. Səhiyyə Nazirliyi və Dünya Bankının birgə layihəsi çərçivəsində yüksək standartlara uyğun inşa olunan bu xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Aksiyaya başlandığı gündən bu xəstəxanada kəndin 18 yaşdan yuxarı 1200-ə yaxın sakini tibbi müayinədən keçmişdir. Xəstəxanada, həmçinin ətraf kəndlərin əhalisi də müayinə olunur. Kənd sakini, gürcü xalqının nümayəndəsi Surami Emraşvili jurnalistlərə müsahibəsində əhalinin sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı çox yüksək qiymətləndirmiş, onlara hər cür şəraiti olan belə gözəl xəstəxana hədiyyə etdiyinə görə sakinlər adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.