RƏSMİ XRONİKA
QAX ŞƏHƏRİNDƏ İDMAN KOMPLEKSİNİN TƏMƏLİ QOYULMUŞDUR
Sentyabrın 19-da Qax şəhərində idman kompleksinin təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimə toplaşan inşaatçılar, şəhər sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı kompleksin əsas texniki iqtisadi göstəriciləri ilə tanış oldu. Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi ki, ümumi ərazisi 5 hektar olacaq kompleksin layihəsini “Azkommunallayihə” institutu hazırlamışdır. Tikintinin smeta dəyəri 6,5 milyon manatdır.
Əsas binada universal idman salonu, məşq salonları, inzibati otaqlar, habelə 25 metrlik üzgüçülük hovuzu yerləşəcəkdir. Kompleksin həyətində 2 min yerlik tribunaları olan futbol stadionu, voleybol və basketbol meydançaları, tennis kortu, habelə idmançıların qalması üçün hər biri dörd nəfərlik 4 kottec tikiləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü.
İnşaatçıları təbrik edən dövlətimizin başçısı tikinti işlərinin vaxtında və müasir standartlara uyğun, keyfiyyətlə başa çatdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Bununla da Prezident İlham Əliyevin Qax rayonuna səfəri başa çatdı.
######