QAXDA “HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Qax rayon mərkəzi kitabxanasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilmişdir.
Ziyalıların, təhsil və mədəniyyət işçilərinin qatıldıqları konfransda rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov ümummilli liderimiz Heydər Əliyevin əziz və nurlu xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını xüsusi vurğulamış, ulu öndərin 85-ci ildönümü ilə bağlı rayonun təhsil və mədəni-maarif müəssisələrində, kitabxana və muzeylərdə silsilə tədbirlərin, anma mərasimlərinin, baxış-müsabiqələrin keçirildiyini, sərgilərin təşkil olunduğunu nəzərə çatdırmışdır.
Mərkəzi kitabxananın direktoru Güllü Əhmədovanın mövzu ilə bağlı məruzəsində ümummilli liderimiz Heydər Əliyevin nəsillərə nümunə olan zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuş, ulu öndərin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan geniş bəhs olunmuşdur. Məruzədə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan əlifbası və Azərbaycan dili ilə bağlı 2001-ci ildə imzaladığı Fərmanın böyük əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanmış, bu istiqamətdə tədbirlərin hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirildiyi, 2004-cü ildə kitabların latın qrafikası ilə nəşri haqqında xüsusi Sərəncam imzalandığı qeyd olunmuşdur.
Məruzə ətrafında çıxışlarda xüsusi vurğulanmışdır ki, Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlar, elm, təhsil, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər ümummilli liderimizin adı və fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində xalqımız tarixin ağır sınaqlarından şərəflə çıxmış, müstəqilliyini, milli-mənəvi dəyərlərini, dilini, adət-ənənələrini qoruyub saxlaya bilmişdir.