Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib













Qax, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Qax rayonunda keçirilən zona mərhələsinin yarışları Oğuz rayonunun komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax şəhər 2 nömrəli məktəb-liseydə və şəhər stadionunda keçirilən zona yarışında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən təşkil edilmiş komandalar mübarizə aparıb.
Yarışın açılış mərasimində bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəbliləri vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə etmək, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına diqqəti artırmaqdan ibarətdir. Yarış zamanı komandalar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Zona yarışında birinci yeri tutan Oğuz rayonunun komandası, eyni zamanda, hərbi-idman oyununun final mərhələsinə vəsiqə qazanıb. Zona turunun yekun nəticələrinə əsasən, Qax və Qəbələ rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qaliblər mükafatlandırılıblar.