Qaxda sərbəst güləş üzrə rayon birinciliyində 64 idmançı mübarizə aparıb
Qax, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qaxda yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq şəhər stadionunun idman zalında keçirilən yarışda 64 güləşçi mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarışa başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, idmançılara uğurlar arzulayıb.
Güləşçilər 13 çəki dərəcəsində qüvvələrini sınayıblar. Hər çəki dərəcəsi üzrə qalib gələn idmançılar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.