Qaxın gənc könüllüləri pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirirlər
Qax, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına həvəslə qoşulan Qax rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər.
Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, aksiya çərçivəsində könüllülər sakinlərə pandemiyaya qarşı istifadə etmək üçün əlcək və tibbi maskalar paylayıblar. Gənclər, həmçinin koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Nümunəvi obyekt”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq” və digər təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, restoran və kafelərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.
Sosial aksiya vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.
Mərkəzin direktorunun sözlərinə görə, belə tədbirlər davamlı xarakter daşıyır.