Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Azərbaycanın enerji siyasəti barədə məlumatlandırılıb
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov ilə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Yuri Sentyurin arasında görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı GECF-in hazırkı fəaliyyəti və qarşıya qoyduğu məqsədlər, eləcə də Forum tərəfindən dünya enerji, xüsusən də qaz bazarına dair edilmiş təhlillər və proqnozlar ətrafında fikir mübadiləsi aparılıb. Xəzərin Azərbaycana aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların dünya bazarlarına çıxarılması məqsədilə ölkəmizin təşəbbüskarı olduğu transmilli və qlobal əhəmiyyətli enerji layihələrindən söz açılıb, Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə ölkəmizin verdiyi töhfə barədə məlumat verilib.
Baş katib Y.Sentyurin deyib ki, GECF üzv ölkələrində (12 tamhüquqlu üzv ölkə və 7 müşahidəçi qismində üzv ölkə) dünyanın qaz ehtiyatlarının 67 faizi, boru kəmərləri ilə ticarətin 34 faizi, LNG istehsalının isə 85 faizi cəmləşir. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir. Bu prosesdə dünya qaz hasilatında müşahidə olunan tendensiyalar, tələb və təklifin cari və gözlənilən balansı, qaz sənayesində yeni texnologiyalar və digər qlobal problemlərin təhlili Forumun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
O, dünya əhalisinin əsasən də Asiya və Afrika qitəsində sürətlə artdığını, proqnozlara görə, 2040-cı ilədək 9,2 milyard (hazırkı saydan 1,7 milyard çox) olacağını və orta hesabla adambaşına düşən ümumi daxili məhsulun indiki dövrlə müqayisədə 80 faiz artacağını qeyd edib. Baş katib bu kimi demoqrafik və sosial-iqtisadi meyillərin enerji tələbatına təsir edəcəyini, 2040-cı ilədək ümumdünya enerji tələbatının 2017-ci illə müqayisədə 29-33 faiz, enerji bazarının bir hissəsi olan qaz tələbatının isə 2040-cı ilədək təxminən 22-26 faiz artacağına güman etdiklərini bildirib. O, 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransında iştirak üçün Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.