Qazax məktəblisi “Lənkəran Open-2026” beynəlxalq şahmat turnirinin qalibi olub
Qazax, 7 iyul, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Lənkəran Open-2026” beynəlxalq şahmat turniri uğurla yekunlaşıb. İyunun 27-dən iyulun 4-dək davam edən idman tədbirində müxtəlif yaş qrupları üzrə zəka sahibləri mübarizə aparıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, Qazax Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Şəms Carçılı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 10 yaşlı oğlan və qızlar arasında keçirilən gərgin mübarizədə rəqiblərini geridə qoyan azyaşlı şahmatçı I yerə layiq görülərək festivalın qalibi adını qazanıb. Qalib idmançı təşkilatçılar tərəfindən diplom və sertifikatla təltif olunub.
Qeyd edək ki, bu, Şəms Carçılının cari mövsümdəki ilk böyük uğuru deyil. O, cari ilin martın 23-dən 30-dək Gəncə şəhərində təşkil olunmuş 8-18 yaşlı şahmatçılar arasında Azərbaycan çempionatında da uğurlu oyunu ilə yadda qalmışdı. AŞF-nin “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı” çərçivəsində baş tutan həmin ölkə birinciliyində gənc şahmatçı bürünc medala (III yer) sahib çıxmışdı.
Müxbir - Ruslan Novruzoğlu