Qazax rayonunda çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 22 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qazax rayonunun Aslanbəyli kəndində Əminə Şamil qızı Şəmmədovaya məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi ilə əlaqədar texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb. Müəssisənin ümumi sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, çörək istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə riayət edilməsi üçün müvafiq şəraitin yaradılmadığı müəyyən edilib. Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını və işçilərin tibbi müayinədən keçməsini təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.
Yoxlama zamanı aşkar edilmiş çatışmazlıqlarla əlaqədar çörək istehsalı müəssisəsinin sahibi barəsində inzibati qaydada protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.