Qazaxda 10 mindən çox sakin müayinə olunmuşdur
5 mart (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi Qazax rayonunda da uğurla davam edir.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova AZƏRTAC-a bildirmişdir ki, müayinələr rayon Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında, habelə xüsusi həkim briqadaları tərəfindən kəndlərdə aparılır. Mart ayının 5-dək 10 min 65 rayon sakini tibbi müayinədən keçmişdir.
Qazax Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Allahverdi Quliyev məlumat vermişdir ki, müayinə zamanı xəstəlik aşkar edilən 827 nəfər ambulator, 30 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Tibbi müayinədən keçən Nailə Əliyeva insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edən bu aksiyanı yüksək qiymətləndirmiş və rayon sakinləri adından Prezidentə minnətdarlığını bildirmişdir.