Qazaxda əhalinin tibbi müayinəsinin gedişi şura iclasında müzakirə olunmuşdur
Qazax, 3 aprel (AZƏRTAC). Qazax Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, şura iclasını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov açmışdır. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin imzaladığı dövlət proqramlarına və sərəncamlara əsasən yeni səhiyyə müəssisələrinin tikintisi və müasir tibb avadanlıqları ilə təmin olunması işi uğurla davam edir. Azərbaycanın qərb qapısı olan Qazax rayonunda da səhiyyə quruculuğu sürətlə həyata keçirilir.
Müzakirədə bildirilmişdir ki, bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Qazax rayonunda da mütəşəkkil aparılır. Bununla əlaqədar komissiya yaradılmış, qrafik tərtib olunmuşdur. Əhali arasında təbliğat işləri davam etdirilir, görülmüş işlər gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinənin yüksək səviyyədə həyata keçirilməsi üçün rayon ərazisindəki tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Bütün yaşayış məntəqələrində əhalinin və həmçinin yataq xəstələrinin müayinəsi məqsədilə səyyar həkim briqadaları təşkil olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova bildirmişdir ki, fevralın 17-dən etibarən 35902 sakin hərtərəfli müayinə edilmişdir. Onlardan 2112 nəfərinə ambulator, 74 nəfərinə isə stasionar müalicə təyin olunmuş, 19 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Daha sonra mövzu ətrafında müzakirələr aparılmış, bu mühüm aksiyanın uğurla başa çatdırılması üçün əlaqədar təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.