Qazaxda Milli Dirçəliş Günü qeyd edilmişdir
Qazax, 16 noyabr (AZƏRTAC). 16 noyabr - Milli Dirçəliş Günü Qazax rayonunda təntənə ilə qeyd edilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov qeyd etmişdir ki, 25 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq öz haqqını tələb etdi. Həmin gün tarixə meydan hərəkatı kimi daxil olaraq, xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi oldu. Türk dünyasının böyük oğlu, ümummulli liderimiz Heydər Əliyevin Vətənə qayıdışı ilə isə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Heydər Əliyev cənablarının sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla həmin dövr üçün əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından “Sovet “ və “Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi. Daha önəmlisi isə bu idi ki, milli rəmzlərin bərpası təkcə Naxçıvan ərazisi ilə məhdudlaşdırılmırdı. Belə ki, Naxçıvan MR Ali Məclisi üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı və beləliklə də milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.