Qazaxda uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
Qazax, 1 iyun, Famil Quliyev, AZƏRTAC
Qazax şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri bağçanın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə təbrik edib, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklərini çatdıraraq ən xoş arzularını bildiriblər. Qeyd olunub ki, ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, bağçanın müdiri Hicran Xəlilova, valideyn Zərnişan Cəfərova çıxış edərək uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Prezident İlham Əliyevə müəllim və valideynlər, bütün şəhər sakinləri adından minnətdarlıqlarını bildiriblər.
Bağçada tərbiyə alan körpə fidanlar Vətən, ana haqqında şeirlər söyləyiblər.
Sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar.