DÜNYA
QAZAXISTAN İLƏ NATO ARASINDA ƏMƏKDAŞLIQ GÜCLƏNİR
Qazaxıstan Xarici İşlər Nazirliyi NATO-nun İctimai Əlaqələr Departamenti ilə birgə Almatıda “NATO və Mərkəzi Asiya: regional və milli təhlükəsizlik, strateji tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirmişdir. Forumda beynəlxalq təşkilatların nümayəndələri, Qazaxıstan ali məktəblərinin müəllimləri və ekspertlər, o cümlədən ABŞ, Almaniya, İspaniya, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş diplomatlar, alimlər iştirak etmişlər.
Departamentin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Xose-Mariya Lopes-Navarro AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, NATO Mərkəzi Asiya regionundakı prosesləri nəzarətdə saxlamaq və Mərkəzi Asiyada keçirilən antiterror kampaniyalarında iştirak etmək fikrindədir.
Konfrans iştirakçıları iki gün ərzində Mərkəzi Asiya respublikaları ilə NATO arasında münasibətlərin inkişafı, regional təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə məsələlərini və başqa problemləri müzakirə etmişlər.