Qazaxıstan Universitetinin əməkdaşları BDU-nun Tarix fakültəsində olublar
Bakı, 15 aprel, AZƏRTAC
Qazaxıstanın Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin Sosial-humanitar fənlər kafedrasının professor və müəllimləri Asem Kulbayeva, Mira Bakıtdjanova, Aydana Janabayeva, Aygül Perekeyeva fakültənin tədris, elmi fəaliyyəti ilə tanış olub, fakültə rəhbərliyi, professor-müəllim heyəti ilə görüşüblər.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov fakültənin tarixi, dünyaşöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyev haqqında qonaqlara ətraflı məlumat verib. Sonra qonaqlar Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında olub, kafedra müdiri Azad Rzayevlə həm iki ölkə, həm də universitetlərarası tarixi, ictimai və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda qazaxıstanlı qonaqlar tələbələrlə görüşərək, onların Qazaxıstan tarixi ilə bağlı suallarını cavablandırıblar.