CƏMİYYƏT
QAZAXISTANDA EKOLOJİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI TƏSDİQ OLUNMUŞDUR
Konsepsiyada Aral və Semipalatinsk regionları ekoloji fəlakət zonası elan edilmişdir. Burada təbii ekoloji sistemlər dağılmış, flora və faunada ciddi dəyişikliklər baş vermişdir. Sənəddə deyilir ki, keçmiş Semipalatinsk poliqonuna yaxın ərazilərdə əhali arasında xərçəng, qan dövranı xəstəlikləri, təzə doğulan uşaqlarda müxtəlif qüsurlar, vaxtından əvvəl qocalma və ölüm halları daha çoxdur.
Qazaxıstanın ekologiyası üçün ciddi problemlərdən biri də Xəzər dənizi hövzəsində karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlıdır. Qazaxıstanın ekologiyası üçün təhlükə törədən daha bir problem respublika ərazisində dörd hərbi-sınaq poliqonunun və “Baykonur” kompleksinin olmasıdır. Raketlərin yerə düşən hissələri, zəhərli yanacağın torpağa tökülməsi və digər amillər ətraf mühitə və yaxınlıqda yaşayan insanların sağlamlığına mənfi təsir göstərir.