MƏDƏNİYYƏT
Qazaxıstanlı tanınmış şairin kitabı Azərbaycanda çap olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun şeirlər toplusu Azərbaycanda çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və qazax türkcələrində çıxan kitab “Üşüyən küçələr” adlanır.
Məsləhətçisi və “Ön söz” müəllifi Milli Məclisin deputatı Cavanşir Feyziyev olan bu kitab, Qazaxıstanın Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının layihə rəhbərliyi və baş redaktorluğu ilə hazırlanıb.
Qazax şairinin şeirlərini dilimizə Dünya Gənc Türk Yazarlar Birliyin Məsləhət Şurasının üzvləri olan şairlər İbrahim İlyaslı və Rəsmiyyə Sabir uyğunlaşıdırb, qazaxcadan sətri çevirmə gənc qazax yazarı Karlıgaş Kabaya aiddir.
Nəfis şəkildə nəşr edilən kitabın rəyçiləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova ilə Füzuli Məcidli, koordinatoru isə Mahmud Kaşqarlı Fondunun məsul əməkdaşı, filoloq-alim Xəyalə Zərrabqızıdır. “Üşüyən küçələri” şairlər – Elşən Əzim və İntiqam Yaşar redaktə edib.
Dəuletkerey Kəpoğlu öz “Üşüyən küçələri”ni bu il oktyabrın 6-da X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində “Yaşıl zona”da keçiriləcək “İmza günü”ndə azərbaycanlı oxucular üçün imzalayacaq.