Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Türkiyədə təcrübə proqramında
Qəbələ, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan beynəlxalq təlim-təcrübə proqramı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup müəllimi Türkiyənin Bursa, Antalya və İstanbul şəhərlərində yerləşən qabaqcıl peşə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəzin müəllimlərindən Qismət Məsimov və Tural Səbzəliyev Bursa, Valeh Mikayılov Antalya, Fəqan Şeydayev isə İstanbul şəhərlərində keçirilən təlimlərdə iştirak ediblər.
Təcrübə proqramı Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilib. Proqram zamanı tədris metodikası, praktiki təlimlərin təşkili və beynəlxalq yanaşmalar üzrə təcrübə mübadiləsi aparılıb.