Qəbələ ictimaiyyətinin “Xocalıya ədalət!” aksiyası
Qəbələ, 26 fevral (AZƏRTAC). Qəbələ Rayon Gənclər və İdman İdarəsinin və Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı yürüş-aksiya keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları Qəbələ şəhərinin küçələrindən keçərək Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin məzarlarını ziyarət etmişlər. Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş izdihamlı toplantı keçirilmişdir. Toplantıda çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov bildirmişdir ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş soyqırımlarından biridir, təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə yönəlmiş bir cinayətdir. Natiq qeyd etmişdir ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin direktoru Eyvaz Kazımov öz çıxışında aksiyanın əsas məqsədinin “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına dəstək verməkdən ibarət olduğunu bildirmişdir. Toplantı iştirakçılarına cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalıda 613 nəfər dinc sakinin, o cümlədən uşaqların, qadınların və qocaların amansızlıqla öldürülməsi, 487 nəfərin əlil olması, 1275 nəfərin əsir və girov götürülərək ağlasığmaz işgəncələrə, zülm və təhqirlərə məruz qalması barədə məlumat vermişdir.
Sonda aksiya iştirakçıları şəhidlərin məzarları önünə tər qərənfillər düzmüşlər.