RƏSMİ XRONİKA
QƏBƏLƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİ REGİONAL ƏHƏMİYYƏT DAŞIYIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 20-də Qəbələ şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılışı oldu.
Bu münasibətlə keçirilən mərasimdə iştirak etmək üçün gələn Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Yüksək standartlara uyğun tikilmiş 6 mərtəbəli mərkəzdə ən müasir avadanlıq quraşdırılmışdır. Burada poliklinika şöbəsi, təcili yardım stansiyası, 20 çarpayılıq cərrahiyyə, 10 çarpayılıq dializ, 5 çarpayılıq reanimasiya şöbələri, aptek, qəbul otağı, lor, stomatoloji, exokardioloji, rentgen kabinetləri vardır. Tikintiyə 40 milyon manat, inventar və avadanlığın alınmasına 6 milyon vəsait sərf olunmuşdur.
Tibb ocağında 200 nəfər işləyəcəkdir. Mərkəzin qarşısında 3 hektar ərazidə park da salınmışdır. Burada musiqili fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır.
Sonra mərkəzlə tanış olan Prezident İlham Əliyev reanimasiya, qəbul şöbələrinə, lor, göz, stomatoloji, rentgen kabinetlərinə baxdı.
Sonra mərkəzin açılışı münasibətilə mərasim keçirildi.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
######