Qəbələ rayonunda narkomanlıq probleminə dair treninq keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Narkomanlıq probleminə dair treninq və tədbirlərin davamı noyabrın 4-də Qəbələ ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün təşkil olunub.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqdən əvvəl şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, əyani vəsaitlər ilə (eyni zamanda, elektron informasiya daşıyıcısında) təmin olunublar.
Daha sonra “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları paylanılıb.
Treninqdə iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilib.