QƏBƏLƏDƏ CARİ İLİN 9 AYININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Qəbələ rayonunda 2007-ci ilin 9 ayı ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Qəbələdə də cari ildə iqtisadiyyat, sosial inkişaf, tikinti-quruculuq sahələrində xeyli irəliləyişlər qeydə alınmışdır. Hesabat dövründə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 51.704 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.
Ümumi daxili məhsul istehsalında 1742 min manat, yaxud 120 faiz, kənd təsərrüfatında 2141 min manat, yaxud 105 faiz, tikintidə 4368 min manat, yaxud 183 faiz, nəqliyyatda 234 min manat, yaxud 119 faiz, rabitədə 116 min manat və ya 131 faiz, ticarətdə 899 min manat və ya 113 faiz artım olmuşdur. Avtomobil nəqliyyatı ilə 384 min ton yük daşınmışdır ki, bu da ötən ildəkindən 24 min ton və yaxud 6,7 faiz çoxdur. Əsas kapitala yönəlmiş 9632 min manatın 4409 min manatı və ya 45,4 faizi istehsal təminatlıdır.
Doqquz ayda 505 yeni iş yeri açılmış, 240 şagird yerlik Kötüklü kənd orta məktəbi tikilib istifadəyə verilmiş, XV-XVI əsrlərə aid tarixi abidə olan Həzzə türbələri kompleks təmir olunmuş, Qəbələ Təbiət və Humanitar Elmlər Kolleci üçün 380 yerlik intibati binanın inşası başa çatdırılmışdır. Həmçinin, Qəbələ Regional Tibbi Diaqnostika Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin yerli ərazi idarəsi üçün inzibati binaların, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli iki yaşayış binasının, Abrıx kəndindəki çayın üzərində tikilən körpünün inşası davam etdirilmişdir.
T.İbrahimov görülən işlərlə yanaşı, nöqsan və çatışmazlıqlara da toxunmuş, onların həlli üçün aidiyyatı qurumlara konkret tapşırıqlar vermişdir. İdarə və təşkilat rəhbərləri Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında ölkə başçısının nitqindən irəli gələn vəzifələrin icra olunması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmişlər.
Tədbirdə Prezidentin İcra Aparatının məsul əməkdaşı Məhərrəm Quliyev iştirak etmişdir.