Qəbələdə əhalinin tibbi müayinədən keçirilməsinə həsr edilmiş toplantı keçirilmişdir
Qəbələ, 15 fevral (AZƏRTAC). Qəbələ Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsinə həsr olunmuşdur.
İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və rayonun səhiyyə işçiləri iştirak etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev gündəlikdəki məsələ ilə əlaqədar geniş məlumat vermişdir. O, hələ 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən uşaq və yeniyetmələrin kütləvi dispanserizasiyası haqqında Sərəncam imzalandığını və rayonda bu tədbirin uğurla icra edildiyini bildirmişdir.
Bu il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi göstərişin xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olduğunu vurğulayan Səbuhi Abdullayev bu diqqət və qayğının qəbələlilər tərəfindən razılıq hissi ilə qarşılandığını qeyd etmişdir. O, diqqəti son illərdə respublikamızda gedən sürətli iqtisadi inkişafın bütün sahələrə, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verdiyinə cəlb etmiş, dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının nəticəsində Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi proqramların ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyi bildirilmiş, uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğu xüsusilə vurğulanmışdır.
Prezident İlham Əliyevin “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına qəbələlilərin yekdilliklə qoşulacağına əminlik ifadə olunmuş və bunun üçün rayonun səhiyyə müəssisələrində bütün hazırlıq işlərinin başa çatdırıldığı bildirilmişdir.
İclasda rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Bəxtiyar Haqverdiyev, rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev və başqaları çıxış edərək, əhalinin tibbi müayinədən keçirilməsinin vacibliyindən ətraflı danışmış, bu mühüm məsələnin reallaşmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda şura iclası müzakirə olunan məsələ ilə bağlı qərar qəbul etmişdir.