Qəbələdə “Ən müqəddəs qanunumuz-Konstitusiya” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 13 noyabr (AZƏRTAC). Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində 12 noyabr- Konstitusiya Günü münasibətilə “Ən müqəddəs qanunumuz-Konstitusiya” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər veri ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyətindən ətraflı danışmış, müstəqil Azərbaycan dövlətinin Əsas Qanununun qəbul edilməsini ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Gənclərə məlumat verilmişdir ki, hazırki Konstitusiyamız 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilərək müstəqil Azərbaycanın ilk Konstitusiyası olmuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişikliklər 2002-ci il avqustun 24-də, son əlavə və dəyişikliklər isə 2009-cu il martın 18-də referendum yolu ilə edilmişdir.
1996-cı il fevralın 6-da ulu öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilmişdir.