Qəbələdə şəhid Azər Musazadənin xatirəsinə inşa edilmiş bulaq istifadəyə verilib
Qəbələ, 1 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Qəbələ rayonundan olan şəhid Azər Musazadədir.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazi bütövlüyümüz uğrunda canını qurban verən qəhrəman Vətən oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Şəfili kəndində şəhid Azər Musazadənin xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.