Qəbələdə tibbi müayinələrin səmərəsini artırmaq üçün lazımi tədbirlər görülür
Qəbələ, 4 aprel (AZƏRTAC). Qəbələdə əhalinin tibbi müayinəsinin gedişi rayon icra hakimiyyətinin başçısı yanında Şuranın iclasında geniş müzakirə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edənlər Prezident İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının Qəbələ rayonunda böyük rəğbətlə qarşılandığını bildirmiş, bunu xəstəliklərin profilaktikası istiqamətində atılan mühüm addım kimi qiymətləndirmişlər. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev müayinələrin əhəmiyyətindən danışmış, aksiyanın lazımi səviyyədə başa çatdırılması üçün müvafiq idarə və təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir.
Əhalinin tibbi müayinəsinin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəliklərinin aşkarlandığını, eləcə də yoluxucu xəstəliklər müəyyən edilən vətəndaşların stasionar müalicəyə cəlb olunduğunu və dispanser qeydiyyatına götürüldüyünü bildirmişdir.
Sonra müzakirəyə çıxarılan məsələ ətrafında çıxışlar olmuşdur. Bildirilmişdir ki, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam etdirilir. Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmış, tibb ocaqları lazımi avadanlıqlarla təchiz edilmişdir. Müayinələr mərkəzi rayon xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə edir, zərurət yarandıqda onlar müalicəyə cəlb olunurlar. Bu günədək rayonun səhiyyə ocaqlarında 27198 nəfər tibbi müayinədən keçmiş, onlardan 2140 nəfərinə ambulator, 59 nəfərinə stasionar müalicə təyin edilmiş, 57 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Vurğulanmışdır ki, bu aksiya bir dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amilinin, vətəndaşların rifahının yaxşılaşdırılması və sağlamlığının qorunmasının dayandığını bir daha təsdiqləyir. Aksiyanın səmərəliyini artırmaq üçün lazım olan bütün tədbirlər görülür, əhali arasında təbliğat işi genişləndirilir.