Qəbələdən olan 6 şagird respublika fənn olimpiadasında medal qazanıb
Qəbələ, 31 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunun ümumtəhsil məktəblərinin 12 şagirdi Bakıda keçirilən respublika fənn olimpiadasının final mərhələsində iştirak edib. Onlardan 6-sı müxtəlif fənlər üzrə yüksək nəticə qazanaraq, fənn olimpiadasının mükafatçısı olub. Qaliblərə Təhsil Nazirliyi tərəfindən gümüş və bürünc medallar təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Qəbələ Rayon İcra Hakimiyyətində qalib şagirdlərlə görüş keçirilib. Məlumat verilib ki, Qəbələ şəhər 3 saylı tam orta məktəbin XI sinif şagirdi Gülsüm Quluyeva Azərbaycan dili fənni üzrə gümüş medala, rayonun Mıxlıqovaq kənd tam orta məktəbin X sinif şagirdi Röyal İsmayılov coğrafiya fənni üzrə gümüş medala, Həmzəli kənd tam orta məktəbinin şagirdlərindən X sinif şagirdi Turac Tahirova coğrafiya fənni üzrə gümüş medala, XI sinif şagirdi Dilbər Ağayeva kimya fənni üzrə bürünc medala, Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Sona Pənahlı kimya fənni üzrə bürünc medala və Nohurqışlaq kənd tam orta məktəbinin IX sinif şagirdi Məleykə Abuşova bürünc medala layiq görülüb.
Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev olimpiadanın final mərhələsində müvəffəqiyyət qazanmış Qəbələ məktəblilərini təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatlarından, dövlət tərəfindən təhsil müəssisələrinin əsaslı təmir edilməsi, yenilərinin tikilməsi, maddi-texniki təchizatının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb və bütün bunların Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlərdə rayonda təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərib.
Görüşdə olimpiada qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.