RƏSMİ XRONİKA
QƏBƏLƏNİN MÜƏSSİSƏLƏRİNDƏ İSTEHSAL OLUNAN YENİ MƏHSULLARIN SƏRGİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Prezident İlham Əliyev Qəbələ rayonundakı müəssisələrin istehsal etdiyi yeni məhsulların sərgisinə baxmışdır.
Dövlətimizin başçısı əvvəlcə “Gilan Holdinq” şirkətlər qrupuna daxil olan Qəbələ lift zavodunun məhsulunun nümunələri ilə tanış oldu. Bildirildi ki, müxtəlif yükgötürmə və sərnişinqaldırma qabiliyyətli liftlər müasir dizayna malikdir. Zavodda hazırlanan liftlərə ölkəmizdə ehtiyac olduğundan onun perspektivli müəssisə olduğu diqqətə çatdırıldı.
Prezident İlham Əliyev şirə və şərab məhsullarına da baxdı. Bildirildi ki, Qəbələ rayonunda istehsal olunan bu məhsullara xarici bazarda da tələbat var.
Sərgidə ölkəmizdə ərzaq proqramı ilə əlaqədar kənd təsərrüfatı sahəsində görülən işlər ekranda nümayiş etdirilirdi.