QƏBƏLƏNİN TORPAQ MÜLKİYYƏTÇİLƏRİ TAXIL BİÇİNİNƏ HAZIRLAŞIRLAR
Qəbələ Rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident İlham Əliyevin Sərəncamı və “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin qərarı taxılçılıqla məşğul olan sahibkarları işə daha çox həvəsləndirmişdir.
Dövlətin diqqət və qayğısını hiss edən, güzəştli xidmətlərdən və yardımlardan bəhrələnən Qəbələnin taxıl istehsalçıları cari ildə daha bol məhsul toplayacaqlarına əmindirlər. Sahibkarlar bu il 18 min 513 hektar sahədə taxıl yetişdirmişlər.
Hazırda Qəbələdə taxıl biçininə hazırlıq işləri görülür. Bununla əlaqədar fərdi mülkiyyətdə, aqrotexservislərdə mövcud olan taxılbiçən kombaynlar və taxıldaşıyan yedəkli traktorlar təmir olunaraq saz hala gətirilir.
Rayonda 4 aqrotexservis müəssisəsi fəaliyyət göstərir. Onların kənd təsərrüfatı texnikası parkı daim təzələnir. Hazırda aqrotexservislərin nəzdində və fərdi mülkiyyətlərdə yüksək texniki göstəriciyə və iş əmsalına malik 90 taxılbiçən kombayn və 427 yedəkli traktor vardır.
“Aqrolizinq” ASC-nin Qəbələ rayon filialı tərəfindən bu il torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə (dəyərin 50 faizi ödənilməklə) 180 ton gübrə satılmışdır. Ziyanvericilərə qarşı mübarizə məqsədi ilə 2.150 hektar taxıl sahəsində dərmanlama işləri aparılmışdır. Zəmilərdə ziyanvericilərə qarşı vaxtında lazımi tədbirlər görülməsi və havaların yaxşı keçməsi bu il məhsuldarlığın bol olacağından xəbər verir.