RƏSMİ XRONİKA
QƏDİM ALBAN MƏBƏDİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 13-də Kiş kəndindəki qədim alban məbədində də oldular.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məbədin direktoru İlhamə Hüseynova dövlətimizin başçısını, xanımını səmimiyyətlə qarşıladılar. Bildirildi ki, kəndin Maflar məhəlləsində yerləşən məbədin ətrafındakı divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Erkən orta əsrlərdə Qafqaz Albaniyasında xristianlığın mərkəzlərindən olan Kişdə (Qişdə) tikilmiş IV əsrə aid məbəd tarixi abidə kimi dövlət tərəfindən qorunur. Məbədin günbəzi iç tərəfdən metal pulları cəzbetmə xüsusiyyətinə malikdir. Bu cür magik xüsusiyyətinə görə bura müqəddəs yerlərdən biri hesab olunur. Yerli əhali arasında deyirlər ki, buraya ziyarətə gələn şəxs ürəyində bir niyyət tutur, onun yapışdırmaq istədiyi pulu divar cəzb edərsə, niyyəti baş tutmuş hesab olunur.
Prezident İlham Əliyev və Mehriban xanım da ürəklərində niyyət tutaraq, metal pulu divara yapışdırdılar.
Dövlətimizin başçısı orta əsrlərə aid qəbirlərə, Kiş kəndi ərazisində tapılmış maddi-mədəniyyət nümunələrinə, Yaloylutəpə mədəniyyətinə aid tapıntılara, Qafqaz Albaniyasının tarixi xəritəsinə baxdı.
Məlumat verildi ki, məbədin həyətində uzunluğu 2, eni isə 1 metrdən çox olan yastı daş vardır. Yerli camaat yeriməyən, dil açmayan və ya şikəstliyi olan uşaqları bu daşın üstündə oturtmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyin mümkün olduğunu bildirir.
Sonra Prezident İlham Əliyev məbədin həyətində qədim dövrün memarlıq abidələrinə aid yaradılmış xüsusi güşələrə, Kiş məbədinin müxtəlif dövrlərdəki vəziyyətini əks etdirən maketlərə də tamaşa etdi. Bildirildi ki, sovet dövründə alban məbədində təmir işləri aparan erməni mənşəli bərpaçılar bu abidəyə süni düzəlişlər edərək saxtalaşdırmışlar. Lakin Norveçdən dəvət olunmuş mütəxəssislər araşdırma apardıqdan sonra bu məbədin əvvəlki görkəmi bərpa edilmişdir.
Prezident İlham Əliyev və xanımı burada çay süfrəsinə dəvət olundular, məbədə aid fotoalboma baxdılar. Dövlətimizin başçısı fəxri qonaqlar kitabına ürək sözlərini yazdı:
“Kiş kəndində yerləşən qədim alban məbədi dünya əhəmiyyətli tarixi abidədir. Azərbaycanın qədim tarixi öyrənilməli və dünya ictimaiyyətinə təqdim edilməlidir.
Ölkəmizin tarixi abidələrini qorumaq və bərpa etmək dövlətimizin borcudur.
Bütün dinlərin tarixi və mədəniyyət abidələri bizim üçün əzizdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
13.04.2006-cı il”.