“Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” - elmi seminar
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı ilə “Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” mövzusunda elmi seminar keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi qədim inancların arxeoloji materiallar əsasında öyrənilməsi, maddi mədəniyyət nümunələri vasitəsilə inanc sistemlərinin elmi baxımdan tədqiqi və dinlər tarixinin müxtəlif aspektlərinin araşdırılması olub.
Tədbirdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru fəlsəfə üzrə fəlsəfə doktoru dosent Mirniyaz Mürsəlov bu kimi elmi tədbirlərin tələbələrin dünyagörüşünün genişlənməsi, elmi araşdırmalara marağının artırılması və multidisiplinar yanaşmanın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dini mətnlər vasitəsilə təqdim olunan məlumatlar arxeologiya elminin ortaya qoyduğu maddi faktlarla tamamlanır və bu yanaşma qədim inancların daha dolğun şəkildə öyrənilməsinə imkan yaradır.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov qədim inancların və dini dünyagörüşünün arxeoloji materiallar əsasında öyrənilməsinin elmi əhəmiyyətindən danışıb. O bildirib ki, maddi mədəniyyət nümunələri qədim cəmiyyətlərin dini təsəvvürlərinin araşdırılması baxımından mühüm mənbələrdəndir.
Seminar Aİİ-nin müəllimi tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafanın moderatorluğu ilə davam edib.
Seminarda “Sərdabələrdə dəfnetmə adəti”, “Sosial stratiqrafiyanın son orta əsr qəbirlərində əksi: Ağdamdakı Üzərliktəpə və İmarət qəbiristanlıqları”, “Şimal-Qərb bölgəsi XIX əsr maddi mədəniyyəti: qəbirüstü daşlar və kitabələr”, “Azərbaycanın cənub-şərq bölgəsində küp qəbirlərdə dəfnlər: Eminli nekropolu”, “Daşa həkk edilmiş yaddaş: Quba şəhəri Qırmızı qəsəbə Dağ yəhudiləri nekropolunun epiqrafik tədqiqi” mövzularında məruzələr səsləndirilib.
Məruzələrdə orta əsr və XIX əsr dəfn ənənələri, qəbir abidələri və epiqrafik nümunələrin tarixi-mədəni irsin, sosial münasibətlərin, dini inancların və etnik-mədəni müxtəlifliyin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb, arxeoloji tapıntıların Azərbaycanın tarixi yaddaşının araşdırılmasına mühüm töhfə verdiyi bildirilib.
Seminar mövzu ətrafında geniş müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.